UEFA Millətlər liqasında günün maraqla gözlənilən görüşlərindən biri Sevilyada keçiriləcək. Söhbət A liqasının 2-ci qrupunda mübarizə aparan İspaniya və Portuqaliya seçmələrinin duelindən gedir. Oyundan əvvəl hər iki komandanın baş məşqçisi jurnalistlərin suallarını cavablandırıblar. İspaniya yığmasının çalışdırıcısı Luis Enrike Millətlər Liqası və qarşıdakı mundiala hazırlıq barədə fikirlərini bölüşüb. Təcrübəli mütəxəssisin fikrincə, bu çempionat mundiala hazırlıq üçün yaxşı fürsətdir: “Bəziləri düşünür ki, İspaniya millisi yalnız hücumda yaxşı oynayır. Ancaq bu fikirlə razı deyiləm. Biz komanda şəklində müdafiə olunmağı da bacarırıq. Dünya çempionatda çıxış etmək güclü hazırlıq tələb edir. Buna görə də Millətlər liqası eyni zamanda komandalar üçün hazırlıq məqsədi daşıyır. Bu liqada yeni futbolçular kəşf edə və mundiala tam hazır şəkildə yollana bilərik. Portuqaliya millisinə qarşı oyunlar hər zaman çətin olub. Nəticədən asılı olmayaraq, futbolçulara güvənirəm. Məqsədimizi bütün oyunlarda qalib gəlməkdir”.
Portuqaliya millisinin uğurları üçün çalışan Fernandu Santuş komandasının qələbə imkanlarını dəyərləndirib. O, eyni zamanda, qrafikin sıxlığından şikayətlənib: “Qrupdakı rəqiblərimiz çox güclüdür. Buna baxmayaraq hər oyuna qələbə üçün çıxırıq. Bu matç da istisna deyil. Düşünürəm ki, 10 gün ərzində 4 oyun keçirmək bütün millilər üçün böyük təzyiqdir. Daha əvvəlki turnirlərdə belə vaxt azlığını görməmişəm. Bu amil oyunçular üzərində də əlavə gərginlik yaradır. Ümid edirəm ki, lazımi qurumlar bunun qarşısını alarlar.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtilə saat 22.45-də başlanacaq.